
Birləşmiş Ştatlar Çinlə gizli iqtisadi müharibəyə başlayıb. Məqsəd sürətlə inkişaf edən Çin iqtisadiyyatını çökdürməkdir. Niyyət baş tutsa, dünyanı yeni böhran dalğası bürüyə bilər.
Yanvar ayında Çin iqtisadiyyatı 8,7 faiz artıb. Səbəb qlobal maliyyə böhranından məharətlə istifadə edən Çinin dünya bazarlarını öz məhsulları ilə zəbt etməsidir. Bu inkişafa təkan verən amil böhran illərində dünya istehsalkçılarının ucuz Çin məhsullarına tələbatının artması, iqtisadiyyata, xüsusən ixrac yönümlü istehsalçılara dövlət dəstəyi və Çinin özünəməxsus milli valyuta siyasətidir. Hazırda Çin dünyada yeganə dövlətdir ki, neftə olan tələbatı ildən-ilə artır. Çin yuanın məzənnəsini zəiflətməklə, dünya iqtisadiyyatına meydan oxumağa başlayıb. Bu səbəbdən Çin Birləşmiş Ştatlar da daxil olmaqla, aparıcı qərb ölkələrinin yerli məhsullarını bazarlardan sıxışdırmağa başlayıb. Rəsmi Vaşinqton Pekindən yuanı möhkəmlətməyi tələb etsə də, rədd cavabı alıb. Birləşmiş Ştatların Tibetə 6 milyard dollar dəyərində silah satışı, Tibetin dini lideri Dalay-Lama ilə görüşü də Çinin inkişafına mane ola bilməyib. İqtisadçıların hesablamalarına görə, bu temp davam etsə, Çin 2016-cı ildə dünya lideri olacaq. Proqnozlar Birləşmiş Ştatları və tərəfdaşlarını Çinlə gizli iqtisadi müharibəyə sövq edib. Mübarizənin ilk variantı kimi, Çin məhsulları xarici bazarlardan çıxarılır. Pekinsə Birləşmiş Ştatlardan 800 milyard dollar məbləğində borcunu geri istəyə bilər. Analitiklərin proqnozuna görə, Çinin çökdürülməsi dünyanı qarşısı alınmaz yeni iqtisadi böhrana sürükləyə bilər.
16:00 / 23.02.2010