
Ukraynanın yeni prezidenti Viktor Yanukoviç martın ilk ongünlüyündə rəsmi səfərlərə başlayacaq. Baş nazir Yuliya Timoşenko isə yeni seçilən prezidentin qələbəsi ilə barışmayacağı və onu prezident kimi tanımayacağı barədə bəyanatlar səsləndirib.
Ukraynanın müstəqilliyi təhlükə altındadır. Baş nazir Yuliya Timoşenko televiziya ilə ölkə əhalisinə müraciətində belə bəyanatla çıxış edib. Prezident seçkilərinin qalibi Viktor Yanukoviçin lideri olduğu partiyanı milli maraqlara xəyanətdə ittiham edən baş nazir, Yanukoviçi «Ukraynanın əlehinə olan diktator» adlandırıb. Yeni seçilən prezidentin qələbəsini tanımadığını və səsvermənin nəticələrinin saxtalaşdırıldığını bəyan edən xanım siyasətçi onun prezident postunda çox duruş gətirə bilməyəcəyini vurğulayıb. O, Viktor Yanukoviçlə koalisiya qurulmasının da qeyri-mümkün olduğunu bəyan edib. Bildirib ki, heç bir halda yeni prezidentlə koalisiya yaratmayacaq. Viktor Yanukoviçi antiukrayna və Antiavropa siyasəti yürütməkdə ittiham edən baş nazirin fikrincə, Yanukoviçin hakimiyyətə gəlməsi Ukraynanın müstəqilliyi üçün təhlükədir. Regionlar Partiyası isə andiçmə vaxtı təyin edilənədək Timoşenkonun Yanukoviçi prezident kimi tanımaqdan imtina etməsini vətəndaş itaətsizliyinə çağırış kimi dəyərləndirib. Viktor Yanukoviç bildirib ki, onun nümayəndələri yeni koalisiyanın yaradılması istiqamətində parlamentdəki bütün fraksiyalarla danışıqlar aparır.
16:00 / 23.02.2010