
Martın 7-də İraqda keçirilən parlament seçkilərinin nəticələri dəqiq bəlli olmasa da, artıq siyasi bloklar öz qələbələrini elan etməyə başlayıb.
İraqın baş nazir Nuri Əl Malikinin «Qanuni dövlət» bloku, Bağdadda və ölkənin cənub vilayətlərində seçkidə öz qələbələrini elan etməyə hazırlaşır. Verilən məlumata görə Nuri Əl- Maliki seçkinin ilkin nəticələrindən razıdır və 18 əyalətdən onunda seçicilərin onlara səs verdiyini bildirib. İraq İslam Ali Sovetinin nümayəndələri isə liderlərinin Əmmar Əl-Həkimin baş nazirlə bərabər səs topladığını iddia edirlər. Üçüncü yerdə isə seçicilərə sabit və firavan həyat vəd edən Liberal-Vətənpərvərlər Partiyası «Əl - İrakiyə» tutur. Bu bloka isə səddam rejimi devrildikdən sonra müvəqqəti hakimiyyətdə baş nazirin vəzifələrini icra edən Ayyəd Əlauyi başçılıq edir. Əlauyi indiyə qədər sünnilər arasında öz nüfuzunu qoruyub saxlaya bilib. Onun köməkçisi Tahir Ən-Nəkib isə «Əl İrakiyə»-nin İraqın şimal və qərbində qələbə qazandığının heç kimdə şübhə doğurmadığını bildirib. Onun sözlərinə görə Əlauyi və vitse-prezident Tarek Əl-Həşimi 4 əyalətdə 60 faizdən çox səs toplayıb.
Son məlumatlara görə Əlauyi ilə Əl-Malikinin tərəfdarları arasında xırda toqquşmalar baş verib. Hakimiyyət isə vəziyyəti nəzarətdə saxlamağa çalışır. Əl-Həşiminin «Əlcəzirə» kanalına açıqlamasından sonra qarşı tərəf daha da hiddətlənib. Buna səbəb Əl-Həşiminin televiziyaya müsahibəsində «İraq ərəb ölkəsi olduğu üçün onun prezidenti də ərəb olmalıdır» fikri olub. O Kürdüstan vətənpərvərlər birliyinin lideri prezident Cəlal Talibaniyə təqaüdə çıxmağı və memuar yazmağı məsləhət görüb.
16:00 / 09.03.2010