
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ştatlara səfəri baş tutmaya bilər. Ankara rəsmiləri görüşün keçirilib-keçirilməyəcəyi barədə konkret açıqlama vermir.
Dövlət naziri Cəmil Çiçək bildirib ki, aprelin 12-13-də baş nazir Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ştatlara səfər edəcəyi bəlli deyil. Hökumət rəsmisi abş nümayəndələr palatasınının qəbul etdiyi qərara da münasibət açıqlayıb. Bildirib ki, nümayəndələr palatası böyük haqsızlıq edib. Türkiyə buna layiq deyil. Tarixçilərin verəcəyi qərarın parlamentlərdə müzakirəyə çıxarılması böyük fəsadlar verə bilər. Ermənistanla münasibətlərin normallaşmasına gəlincə, hökumət sözçüsü deyib ki, rəsmi Ankara imzaladığı istənilən sənədin arxasındadır. «Amma baş verən son hadisələr bizdən asılı deyil. Proses Türkiyə yox, digər dövlətlər tərəfindən idarə olunursa, ilk növbədə dünya ictimaiyyəti də bunu görməlidir». Türkiyə tarixin ədalətli mühakiməsinə hamıdan çox hazırdır. Bunu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. «Hamı əlindəki dəlilləri masaya qoysun, tarixçilər isə bu materialları obyektiv şəkildə dəyərləndirsin. Qabaqcadan buna mane ola biləcək heç bir şərt irəli sürmürük. Əksinə, buna zəmin yaradacaq dialoq şəraiti yaratmaq üçün ilk addımları da biz atırıq». «Türkyiə təzyiqlə, diplomatik ədalətdən uzaq uçurumlara sürükləyərək, uzaqdan idarə edə biləcəyiniz ölkə deyil. Sizlər bu hadisənin tərəfi deyilsiniz. Tərəflər Ermənistan və türkiyədir». Baş nazir ABŞ-səfərinə ümumiyyətlə toxunmayıb. Ekspertlər isə hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri baş tutacaq. Baş nazirin Vaşinqtona getməsinə səylə çalışan ABŞ hökumətinin əsas məqsədi Ankara-İrəvan arasında normallaşma prosesini tezləşdirməkdir. Vaşinqtonda keçiriləcək nüvə konfransı isə formal xarakter daşıyır. Məqsəd 24 aprel qondarma erməni soyqırımının növbəti ildönümü ərəfəsində Serj Sarksyanla Ərdoğan arasında görüş təşkil etməkdir. Bəzi ehtimallara görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bratkenin digər həmkarlarından bir neçə gün əvvəl Ermənistana səfər etməsi də bununla əlaqədardır. Amerikalı vasitəçinin erməni tərəfini görüşün keçirilməsinə razı saldığı istisna edilmir.
13:00 / 01.04.2010