
Şərqi Avropada soyuq hava şəraiti hələ də davam edir. Donvurmadan ölənlərin sayı isə durmadan artır. Qarlı hava Asiyada da həyatı iflic edib.
Şərqi Avropa ölkələrində günlərdir ki, davam edən soyuq hava səbəbindən ölənlərin sayı artıq 370-i ötüb. Qitədə kəskin hava şəraiti hələ də davam etdiyindən, ölənlərin sayı hər keçən gün artır. Donvurmadan ölənlərin əksəriyyəti evsiz vətəndaşlardır. Polşa, Serbiya, İtaliya və Bosniyada uzun müddətdir ki, davam edən soyuq hava çexiyaya da öz təsirini göstərəcək. Paytaxt Praqada temperaturun mənfi 20 dərəcəyə kimi aşağı düşəcəyi gözlənilir. Artıq evsizlərə xüsusi çadırlar və isidicilər paylanıb. Ucqar ərazilərdə məskunlaşmış əhaliyə isə bir neçə günlük ehtiyaclarını qarşılayacaq qədər qida paylanılıb.
Soyuq hava artıq qərbə doğru genişlənməkdədir. Fransa və Almaniyada bir neçə gündür ki, müşahidə olunan şaxtalı havanın daha da kəskinləşəcəyi proqnozlaşdırılır.
Qarlı hava bir sıra Asiya ölkələrinə də ciddi ziyan vurub. Ən acınacaqlı vəziyyət Yaponiyada müşahidə olunur. Qar səbəbindən bir sıra ucqar ərazilərlə əlaqə kəsilib. Bəzi bölgələrə elektrik enerjisinin ötürülməsi dayandırılıb. Tokomaçı kurort zonasında qarın ağırlığına tab gətirməyən bir bina üuçub. Hadisə zamanı bina boş olduğundan, insan itkisi qeydə alınmayıb.
19:00 / 07.02.2012