
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu həmsədrləri ilə separatçıların lideri Bako Saakyan arasında müzakirə olunub. Tərəflər münaqişənin Minsk qrupu çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. Problemin digər qurumlara ötürülməsinin prosesə yardım etməyəcəyi qeyd olunub.
Separatçıların rəhbəri Bako Saakyanla görüşdən sonra keçirilən mətbuat konfransında sualları yalnız fransalı həmsədr Bernar Fasye cavablandırıb. Onun cavabı isə erməni jurnalistlərini razı salmayıb. Yerli mətbuat orqanları həmsədrləri ikiüzlülükdə ittiham ediblər. Onları qəzəbləndirən əsas məqam fransalı vasitəçinin ilk dəfə olaraq Azərbaycan ərazisindən Xankəndiyə keçməsi ilə bağlı fikri olub. O, bildirib ki, həmsədrlərin Bakıdan Xankəndiyə keçməsi nümayiş etdirdi ki, bu, sərhəd deyil. Diplomatın bunu xoşbəxt hal kimi dəyrləndirməsi erməni jurnalistləri daha da hiddətləndirib. «Bizim Azərbaycan və Dağlıq Qarabağdakı görüşlərmizin məğzi kifayət qədər dəyişib. Təəssüratlarımıza gəldikdə qeyd etmək istərdim ki, biz missiyamızın ortasındayıq. Ermənistan prezidenti Serj Sarqsyanla və xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra yekun bəyanatla çıxış edəcəyik » -deyə Fasye vurğulayıb. Son vaxtlar cəbhə xəttində qeydə alınan insidentə gəlincə, fransalı vasitəçi bildirib ki, bu, arzuolunan hal deyil. O, erməni jurnalistlərin atəşkəsin məhz Azərbaycan tərəfindən pozulamsı ilə bağlı fikri ilə də razılaşmayıb. Fransalı diplomat bundan sonra heç bir sualı cavablandırmayıb.
13:00 / 09.09.2010