
Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində növbəti addım. Qala qəsəbəsi ərazisindəki 10 hektar yarım ərazi lay suları və neft tullantılarından tam təmizləndikdən sonra yerində park salınmasına başlanılib. Söhbət Dövlət Neft Şirkəti tərəfindən salınan ekoloji parkdan gedir. Gələn ay parkın bir hissəsi istifadəyə veriləcək.
Ekoloji parkın yaradılmasında əsas məqsəd ərazini turizm mərkəzinə çevirmək, uşaqların mənalı istirahətini təmin etməklə yanaşı, burda müxtəlif növ ağacların yetişdirilməsinə nail olmaqdır. Üç hissədən ibarət olan parkın birinci hissəsində idarə binaları fəaliyyət göstərəcək. İkinci hissədə şitillərin yerləşdirilməsi üçün istixana və açıq sahədəki ləklər, üçüncü hissədə isə tədris mərkəzi fəaliyyət göstərəcək. Hazırda ağacların yetişdirilməsi üçün nəzərdə tutulan açıq sahədəki ləklər hazırlanır. Ləklərdə eyni vaxtda 200 min ağac yetişdirmək mümkün olacaq. Damcı üsulu ilə suvarılacaq tinglərin böyüdükdən sonra çıxarılaraq neftlə çirklənmiş digər ərazilərdə əkilməsi nəzərdə tutulur. Ekoparkda Azərbaycanın qırmızı kitabına düşmüş ağacların artırılmasına xüsusi diqqət yetiriləcək.
Ekoparkda quraşdırılan istixanada işlər sona çatmaq üzrədir. İstixana qısa vaxt ərzində fəaliyyətə başlayacaq. Orada eyni vaxtda 500 min toxum və şitil yetişdirmək mümkün olacaq.
Ekoloji parkda tikiləcək tədris mərkəzi də bura gələnlərin marağına səbəb olacaq. Orada dünyanın müxtəlif ölkələrində bitən bitki və ağac növləri ilə tanış olmaq mümkün olacaq. Bundan başqa, ərazidə uşaqların əylənməsi üçün velosiped meydanı və digər əyləncə mərkəzləri quraşdırılacaq. Ən əsası isə ekoloji parkda alternativ enerji sistemlərindən istifadə olunacaq. İşıqlandırma və istilik sistemi günəş batareyaları və külək enerjisindən istifadə etməklə işə salınacaq.
13:00 / 08.04.2010