
Dünyada qeyri-sabit hava şəraiti hökm sürür. Hidrometeoroloqlar bildiriblər ki, istilərdən sonra ölkə ərazisində müşahidə olunan sərin hava iyulun 17-dək davam edəcək.
Çinin cənub regionlarında leysan yağışları davam edir. Daşqınlar nəticəsində daha 17 nəfərin öldüyü bildirilir. İyulun 1 - dən davam edən fəlakət nəticəsində 50-ə yaxın adam itkin düşüb. Ümumilikdə daşqınlar 11 əyalətdə yaşayan 32 milyondan çox insana ziyan vurub. 101 min ev tamamilə dağılıb, bir milyon sakin evsiz qalıb. Fəlakət çinə 3.3 milyard dollar ziyan vurub. Yaponiya da daşqından əziyyət çəkir. Ölkənin qərb və cənub hissəsində leysan yağışlarının yaratdığı daşqın iki nəfərin həyatına son qoyub. Bir neçə nəfər itkin düşüb. Fəlakət nəticəsində minlərlə ev dağılıb. Təhlükəli ərazilərdən 300 min insan köçürülüb. Sinoptiklər leysan yağışların davam edəcəyini bildiriblər. Çin və Yaponiyada yağışlı hava müşahidə olunarkən, rusiya kəskin istilərlə üzləşib. Ölkənin mərkəzi və cənub regionlarında rekord istilər qeydə alınıb. Hökümət anomal havalarla bağlı artıq 16 vilayətdə fövqəladə vəziyyət elan edib. Çoxlu sayda günvurma halı qeydə alınıb. Daha bir problem isə sərinləmək istəyən insanlarla bağlıdır. Belə ki, son iki gün ərzində suda boğularaq ölənlərin sayı yüz nəfəri keçib. Sinoptiklər qarşıdakı günlərdə də isti havanın davam edəcəyini bildiriblər. Leysan yağışları Fransanı da dinc qoymur. Güclü leysan və tufan bir çox şəhərlərin, həmçinin parisin küçələrini su altında qoyub. Hazırda yağışlı hava şəraiti ölkənin şərq tərəfinə yönəlib. Bakıda və Abşeron yarımadasında isə iyulun 16-da havanın dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Əsən şimal-qərb küləyi iyulun 16-da da davam edəcək. Gündüz saatlarında 30-33 dərəcə isti olacaq. İyulun 17-si və 18-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Bölgələrdə isə iyulun 16-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı və dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənməsi gözlənilir. Temperatur gündüz saatlarında 31-36 dərəcə isti olacaq.
19:00 / 15.07.2010