
Türkiyə Hökuməti Birləşmiş Ştatlara qarşı adekvat addım atacaq. Bu barədə Ankara rəsmən açıqlama yayıb. Artıq qeyri-rəsmi məlumatlarda diplomatik cavabın detalları da açıqlanıb.
Rəsmi Ankaranın ABŞ-la yaranmış diplomatik insidentlə bağlı atacağı addımlar yaxın günlərdə dünya ictimaiyyətinə açıqlanacaq. Türkiyənin xarici işlər Əhməd Davudoğlu bildirib ki, bu müddət ərzində ölkəsi həm sülhsevər münasibətləri mühafizə edəcək, həm də Türkiyənin heç bir zaman geri çəkilmədiyi məsələlərdə təzyiqlərə sinə gələrək, mövqeyində dayanacaq. «Ümid edirik ki, bu məsələ ilə bağlı ünsiyyətdə olduğumuz şəxslər lazımi ismarıcı alıblar». Davudoğlu belə deyib. Ankaranın bundan sonra atacağı addımlara baş nazir Rəcəb Tayyib Ərdoğan da toxunub. O, Səudiyyə Ərəbistanına səfər etməzdən öncə keçirdiyi mətbuat konfransında bəyan edib ki, qarşı tərəf istənilən halda cavabını alacaq. «Bu mövzuda hansısa yol xəritəsi və ya başqa məsələ müzakirə mövzusu deyil. Amma digər ölkələr gündəmindəki mövzuları necə qiymətləndirirsə, biz də elə addım atırıq və atacağıq. Əlbəttə, bizə qarşı atılan bu addımın cavabı var və olacaq». Milliyətçi hərəkat partiyasının rəhbəri Dövlət Baxçalı isə Türkiyə hökumətini Vaşinqtonla əlaqələri dondurmağa çağırıb.
Hazırda Birləşmiş Ştatların iri hərbi–texniki şirkətlərinin yaranmış vəziyyətin xüsusilə hərbi sahədə əlaqələrə zərbə vurmaması üçün Türkiyə ilə ciddi müzakirələr apardığı bildirilir. Türkiyə hökumətinin gündəmində hətta Rusiya ilə əlaqələri daha da genişləndirmək də durduğu istisna edilmir. Qərb və avropalı ekspertlər isə məsələyə daha optimist yanaşır. Britaniyaya məxsus «Ekonomist» jurnalı yazır ki, diplomatik insidentə səbəb olan sənəd nümaynədələr palatasında müzakirəyə çıxarlmayacaq. Mənbə bunu ABŞ-la Türkiyə arasında strateji əməkdaşlıqla izah edir. «Heç kim, hətta Birləşmiş Ştatlar prezidenti Barak Obama da Türkiyənin strateji əhəmiyyətinə laqeyd qala bilməz», - deyə məqalədə vurğulanır.
19:00 / 09.03.2010