
Avropa İttifaqının vahid enerji qovşağı yaradılacaq. Bu məqsədlə Avropa Komissiyası 2,3 milyard avro vəsait ayırıb. Vəsaitin 200 milyonu «Nabukko»-nun inşasına yönələcək.
Qurum tərəfindən boru xəttinin reallaşmasına bu qədər vəsaitin ayrılması ekspertləri təəccübləndirib. Çünki «Nabukko»-nun reallaşması artıq sual altındadır. Mütəxəssislər hesab edir ki, qlobal maliyyə böhranı dövründə Avropanın enerji daşıyıcılarına azalmaqda olan tələbatının yaxın illərdə artması mümkün deyil. Digər səbəbsə Birləşmiş Ştatlarda mavi yanacaq hasilatının çoxalmasıdır. Amma siyasi amillərin «Nabukko»-nun reallaşmasına müdaxiləsi daha çoxdur.
Amma görünür, Avropa Birliyi layihənin gerçəkləşməsinə ümidini itirməyib. Brüssel rəsmi Aşqabadla danışıqlara başlayıb. «Nabukko rayplayn» şirkəti aprel ayında türkmən qazının kəmərə vurulmasına dair razılığın əldə olunacağına inanır. Lakin tək Türkmən qazı ilə layihəni reallaşdırmaq çətin olacaq. Ümumilikdə, Azərbaycan da daxil olmaqla bütün təchizatçı ölkələrlə son danışıqlar, bu ilin sonu Brüsseldə keçiriləcək xüsusi konfransda baş tutacaq.
13:00 / 06.03.2010